SİYASƏT
Şamil Ayrım: Heydər Əliyev şəxsiyyətinin ucalığı hər zaman xalqlarımız tərəfindən ehtiramla xatırlanacaq
Ankara, 10 dekabr, AZƏRTAC
Böyük şəxsiyyətlərin həyata keçirdikləri nəhəng işlər özü-özlüyündə tarix yaradır. Ötən əsrdə məhz belə nadir siyasi və dövlət adamlarından biri kimi şöhrət qazanmış Heydər Əliyev şəxsiyyətinin ucalığı hər zaman xalqlarımız tərəfindən ehtiramla və məhəbbətlə xatırlanacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və inkişafı yollarının müəyyən edilməsi istiqamətində tarixi missiyasını qeyd edən deputat deyib: “Azərbaycanın keçdiyi şərəfli inkişaf yolu, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsi, eyni zamanda, ölkələrimizin dünyada baş verən xoşagəlməz proseslərdən əzmlə müdafiə oluna bilməsi Heydər Əliyevin müəyyən etdiyi strategiyanın real nəticəsidir”.
Dostluq qrupunun rəhbəri vurğulayıb ki, iki qardaş ölkənin çiyin-çiyinə, bir-birinə dəstək olaraq yad və zərərli təsirlərə sinə gərməsi olduqca önəmlidir. Bu yolun əsasını da ulu öndər Heydər Əliyev qoyub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara