SİYASƏT
Şamil Ayrım: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındaki tarixi əlaqələrin daha da dərinləşməsi baxımından çox vacibdir
İstanbul, 29 yanvar, AZƏRTAC
Şuşa Bəyannaməsi bölgədə sülh və sabitliyinin təminatı kimi Azərbaycan ilə Türkiyə arasındaki tarixi əlaqələrin daha da dərinləşməsi, bu münasibətlərin müttəfiqlik səviyyəsinə çıxarılması baxımından çox vacibdir. Bu sənəd, eyni zamanda, ölkələrimizin gələcəyi üçün bir növ yol xəritəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım deyib.
Torpaqların uzun illər davam edən işğaldan sonra geri qaytarılmasına baxmayaraq, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hələ də tanımadığını qeyd edən Ş.Ayrım deyib: “1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri Türkiyə ilə Azərbaycan arasında sərhədləri təsdiq edən çox vacib sənədlərdir. Lakin Ermənistan bu müqavilələri bu gün də qəbul etmir. Ümid edirik ki, münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar zamanı bu məsələ də öz həllini tapacaq”.
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə toxunan Ş.Ayrım iki ölkənin xüsusi nümayəndələrinin birinci görüşünün Moskvada keçirildiyini xatırladaraq növbəti görüşün yaxın günlərdə baş tutacağını, bu sahədə artıq vacib addımların atıldığını bildirib. O deyib: “İki ölkə arasında hava nəqliyyatı qarşılıqlı şəkildə bərpa olunur. Gələcəkdə Ermənistanın Türkiyə və Azərbaycan ilə avtomobil, həmçinin dəmir yollarının bərpa edilməsi məsələləri gündəmə gələcək. Bu, asan iş deyil. Müharibədə Azərbaycan Qələbə qazandı, uzun illər işğal altında olan torpaqlar geri qaytarıldı. Lakin bundan sonrakı dövrdə üzərimizə daha çox məsuliyyət düşür”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul