İDMAN
Samir Abasov: Sabah azarkeşlərimizə gözəl hədiyyə edəcəyimizə inanıram
Bakı, 27 iyul, AZƏRTAC
Sabah azarkeşlərimizə gözəl hədiyyə edəcəyimizə inanıram. Buna gücümüz çatacaqmı, sabah bilinəcək. Yaxşı potensialımız var.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda Yunanıstanın "Olimpiakos" klubunu qəbul edəcək Bakının "Neftçi" komandasının baş məşqçisi Samir Abasov iyulun 27-də təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, heyətlə bağlı problemlərimiz var. Bu gün taktiki sxemdən danışmaq istəmirəm. Bəzi futbolçular barədə xəbər gözləyirik. Heyətimiz barədə düşünməliyik.
Mütəxəssis "Bakcell Arena"nın ot örtüyü ilə bağlı da danışıb: "Bu işə baxan insanlarla bilavasitə danışdım. Səbəbini soruşdum. Mənə hər şeyi izah etdilər. Elə məqamlar var ki, meydançalar istirahət etməlidir. Bilirsiniz ki, Türkiyə millisi burada məşq edib. Hava şəraiti çox istidir. Ot örtüyünə qulluq etmək çətindir. Durum necə olur-olsun, hər iki komanda üçün şərtlər eyni olacaq".
Qeyd edək ki, "Nefçi" - "Olimpiakos" oyunu iyulun 28-də saat 21:00-da "Bakcell Arena"da start götürəcək. İlk oyun rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.