İDMAN
Samir Abdullayev: Bakıda keçiriləcək sumo üzrə Avropa çempionatında 25-ə yaxın ölkədən idmançılar iştirak edəcəklər
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakıda keçiriləcək sumo üzrə Avropa çempionatında 25-ə yaxın ölkədən idmançılar iştirak edəcəklər.
Bu barədə Avropa Sumo Federasiyasının vitse-prezidenti, Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev AZƏRTAC-a müsahibəsində bildirib.
Federasiyanın gələcək planları barədə danışan S.Abdullayev deyib: “Azərbaycanda Sumo Federasiyası gündən-günə inkişaf edir. İdmançılarımız bir çox yarışlarda ölkəmizin bayrağını zirvələrə qaldırırlar. Təkcə 2019-cu ildə sumoçularımız Ər-Riyadda keçirilən etnofestivalda bürünc, Avropa çempionatında üç qızıl, Gürcüstanda keçirilən beynəlxalq turnirdə bir qızıl, sonuncu yarış olan yeniyetmələr arasında qitə birinciliyində bir gümüş və bir bürünc medal əldə ediblər. Biz gələcək yarışlarda bundan artıq nailiyyətlər gözləyirik”.
Avropa çempionatının hazırlığına start veriləcəyini diqqətə çatdıran federasiya rəsmisi deyib: “Qitə çempionatı gələn il aprelin 16-20-də Bakı İdman Sarayında keçiriləcək. Bu yarışda idmançılar üç yaş kateqoriyasında mübarizə aparacaqlar. Bu kateqoriyalara 21 yaşadək və 23 yaşadək olan gənclər və böyüklər daxildir. Qitə birinciliyində Azərbaycana 25-ə yaxın ölkənin idmançıları gələcək. Azərbaycanın kişilərdən ibarət yığma komandası çempionatda hər bir çəki dərəcəsində iki idmançı ilə təmsil olunacaq”.