SİYASƏT


Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir

Bakı, 6 may, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının videoformatda növbəti, 5-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu, həyata keçiriləcək fəaliyyətlər ilə bağlı mühüm istiqamətlərin müəyyənləşdirildiyini qeyd edib.

Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən də qeyd edildiyi kimi, işğaldan azad olunmuş torpaqlarımızda işğalçı Ermənistan tərəfindən şəhər və kəndlərimiz viran qoyulub, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib ki, bu da böyük miqyasda planlaşdırma və bərpa işlərinin həyata keçirilməsinin tələb edildiyini göstərir.

İclasda işğaldan azad edilmiş ərazilərdə həlledici əhəmiyyət kəsb edən minalardan təmizləmə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı” Dövlət Proqramının hazırlanması istiqamətində görülən işlər, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı, işğaldan azad olunmuş ərazilərdə enerji təminatı və xüsusilə də “Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturunun qurulması, ADA Universiteti tərəfindən aparılan “Azərbaycanın postkonflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” tədqiqat işi çərçivəsində görülən işlər və keçirilmiş sorğuların nəticələri üzrə məruzələr dinlənilib və müvafiq tapşırıqlar verilib.

İclasda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq işlərin sürət və keyfiyyətin vəhdəti nəzərə alınmaqla aparılmasının vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.