İQTİSADİYYAT
Samir Şərifov: 2018-ci ilin əvvəlində Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesi başlaya bilər
Bakı, 19 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiyası aparılır. Restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın özəlləşdirilməsi məsələsi gündəliyə çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.
Nazir bildirib ki, artıq dövlət bankının özəlləşdirilməsi öncəsi tədbirləri həyata keçirmək olar: “Məhz buna görə, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana səfəri çərçivəsində bu məsələ ilə maraqlandı. Adıçəkilən maliyyə təşkilatı bu prosesdə iştirak etmək üçün maraq göstərib. Bu müzakirələri gələcəkdə də davam etdirəcəyik”.
Hər hansı başqa beynəlxalq maliyyə qurumunun ABB-nin özəlləşdirilməsinə maraq göstərməsinə gəlincə isə, nazir bildirib ki, hələlik bu barədə danışmaq çox tezdir. Samir Şərifov bildirib ki, özəlləşdirilmə prosesinə təcrübəli və beynəlxalq arenada nüfuzu olan məsləhətçilər cəlb ediləcək: “Bunun əsasında bankın özəlləşdirilmə strategiyası formalaşacaq və bundan sonra həmin strategiya hökumət tərəfindən qəbul edildiyi təqdirdə özəlləşdirilməyə açıq elan olunacaq. 2018-ci ilin əvvəlində biz bu proseslərə başlaya bilərik”.