İQTİSADİYYAT
Samir Şərifov BVF və Dünya Bankının Seçki Qrupunun Toplantısında iştirak edir
Bakı, 2 iyul, AZƏRTAC
Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun toplantısı öz işinə başlayıb.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Polşa Milli Bankının və Polşa Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən və iyulun 2-dək davam edəcək Seçki Qrupunun Toplantısında Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edir.
BVF və Dünya Bankına üzv ölkələrin yüksəkvəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları nümayəndələrinin də iştirak etdiyi toplantı çərçivəsində cari məsələlər, eləcə də Seçki Qrupuna üzv ölkələr arasında maraq kəsb edən mövzular ətrafında qlobal və regional perspektivlər nəzərə alınmaqla açıq interaktiv müzakirələr aparılır.
Toplantı çərçivəsində, həmçinin “Əlaqəli dünyada kapital axınının idarə edilməsi” və “Zirvəyə doğru: İnnovasiya, artım və dövlətin rolu” mövzusunda panel müzakirələrin də keçirilməsi planlaşdırılır.
Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.