İQTİSADİYYAT


Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib

Bakı, 19 oktyabr, AZƏRTAC

TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən III Avrasiya Konfransında energetika nazirinin müavini Samir Vəliyev deyib.

Nazir müavini qeyd edib ki, bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb.

Qeyd edək ki, bu həcmin dekabrın sonuna kimi 1 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 97 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,6 milyard dollar xərclənib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.