MƏDƏNİYYƏT
Samirə Əfəndi: Özümü tam olaraq ifa edəcəyim mahnıda hiss edirəm
Bakı, 17 may, AZƏRTAC
Niderlandın Rotterdam şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin rəsmi açılış mərasiminə Malta və Rumıniya istisna olmaqla bütün iştirakçı ölkələr qatılıb.
AZƏRTAC xəbər verir ki, açılışda Azərbaycan təmsilçisi Samirə Əfəndi də yer alıb. O, firuzəyi xalçada məşhur dizayner Rüfət İsmayılın kolleksiyasından olan libasda görünüb.
Jurnalistin sualını cavablandıran təmsilçimiz deyib: “Mənim mahnım güclü qadın, güclü şəxsiyyət haqqındadır. Bir növ özümü tam olaraq bu mahnıda hiss edirəm. Çünki özüm-özümü güclü qadın kimi görürəm. Mən çox xoşbəxtəm ki, buradayam və hər kəsi görmək şansım var, sizinlə söhbət eləmək imkanım var”.
Qeyd edək ki, Samirə Əfəndiyeva birinci yarımfinalda 14-cü nömrə ilə çıxış edəcək. "Avroviziya"nın yarımfinalı mayın 18-də və 20-də keçiriləcək, final yarışması isə mayın 22-nə təyin olunub.