REGİONLAR
Samirə Muradova: Qələbə gününü, erməni ordusunun Qarabağımızdan qovulacağı günü səbirsizliklə gözləyirəm
Qobustan, 7 oktyabr, AZƏRTAC
Hər dəfə sinfə girəndə dərsə başlamazdan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalçı erməni silahlılarından azad edilməsi uğrunda apardığı döyüşlərdə qazandığı yeni-yeni uğurlar barədə qısa məlumat verirəm. Məktəblilər Murov yüksəkliyinin, Cəbrayılın, Suqovuşanın, Talışın və neçə-neçə yaşayış məntəqələrimizin düşməndən azad olunması xəbərini böyük sevinclə qarşılayırlar. Xüsusilə, erməni əsgərlərinin tanklarını, maşınlarını, hərbi sursatlarını, silahlarını və hətta papaqlarını qoyub qaçdıqlarını eşidəndə gülüşür, əl çalaraq sevinclərini ifadə edirlər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Qobustan şəhər 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Samirə Muradova söyləyib. “Bu günlər məktəbimizdə hamı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən qüvvələrinin aldığı sarsıdıcı zərbə nəticəsində gerilədiyindən, günü-gündən zəifləyərək çarəsiz vəziyyətə düşməsindən danışır. Artıq hamımız tam qələbə gününü, erməni ordusunun Qarabağımızdan qovulacağı günü səbirsizliklə gözləyirik və əminik ki, o gün uzaqda deyil”, -deyə müəllimə inamla bildirib.