CƏMİYYƏT
Samur-Abşeron magistral kanalının mühafizə zonasında məişət tullantılarının qalaqlanması antisanitar vəziyyətə səbəb olub
Bakı, 14 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sumqayıt şəhərində yerləşən Tuğ zavod yaşayış massivində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayəti Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıblar.
Departamentdən AZƏRTAC-a bildirilib ki, həmin əraziyə keçirilən baxış zamanı məişət tullantılarının Samur-Abşeron magistral kanalının mühafizə zonasına atılaraq qalaqlandığı, ərazidə antisanitar vəziyyətin yarandığı faktı aşkar edilib.
Faktla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin sahə rəisi Səhhət Qənbərov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilib.
Kanalın mühafizə zonasında qalaqlanmış tullantıların təmizlənməsi məqsədilə Samur-Abşeron Kanalı İstismar İdarəsinə, tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Sumqayıt Bələdiyyəsinə və Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.