CƏMİYYƏT
Samux rayon sakininin evində 33 kiloqramdan artıq marixuana aşkarlanıb VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
Narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Samux rayon sakini Xaliq Mustafayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, X.Mustafayevin evinə baxış zamanı 33 kiloqram 685 qram marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri şəxsi təsərrüfatında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq X.Mustafayevin evində müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 patron da aşkarlanıb.
Faktla bağlı Baş İdarənin əməkdaşları tərəfindən istintaq tədbirləri davam etdirilir.