CƏMİYYƏT
Samux rayonunda karantin qaydalarını pozan toy sahibi məsuliyyətə cəlb olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
Samux Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Qırmızı Samux, Kolayır və Seyidlər kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkarlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı ev sahiblərinin 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil etdikləri
məlum olub.
Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Bundan başqa, rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət edilən qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 30 nəfər restorana buraxılmayıb. Yoxlamalar zamanı toya dəvət olunan qonaqlar arasında mülki öhdəliklə bağlı axtarışda olan bir nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.