REGİONLAR
Samuxda 70 faiz güzəştlə azot gübrəsi satılıb
Bakı, 6 aprel, AZƏRTAC
Samuxda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa və Qusar rayonlarının ardınca, növbəti səyyar satış Samuxun Poylu kəndində keçirilib. Rayon mərkəzindən 70 kilometr uzaq məsafədə yerləşən Poylu kəndində təşkil edilən səyyar satış axşam saatlarına kimi davam edib və 53 vətəndaş 30,8 ton azot, 3,5 ton nitroammafoska gübrəsi, 194 litr “Elision 48SL” və 4 litr “Renubra 500SL” herbisidi alıb.
Samuxun Qarayeri kəndində də azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı baş tutub. Səyyar satış zamanı 40 vətəndaşa 15 ton azot, 6150 ton nitroammafoska gübrəsi satılıb.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.