REGİONLAR


Samuxda dini radikalizmlə mübarizəyə dair ikigünlük seminar-müşavirə işə başlayıb

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dini icma sədrləri, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev dövlətin dinə qayğısından danışıb. Bildirib ki, ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri azad şəkildə öz dini ibadətlərini həyata keçirirlər.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı dini radikalizmlə mübarizənin vacibliyini vurğulayaraq bildirib ki, cəmiyyətin bütün təbəqələrinin bu prosesdə iştirak etməsi zəruridir. Dini radikalizmə qarşı mübarizənin ən səmərəli yolunun maarifləndirmə olduğunu bildirən S.Salahlı Dövlət Komitəsinin bu sahədə fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, dini maarifləndirmə tədbirləri cəmiyyətin müxtəlif sahələrini əhatə etməklə ölkənin bütün bölgələrində keçirilir. Regional seminar-treninqlər, seminar-müşavirələr, konfranslar formatında keçirilən maarifləndirmə tədbirləri çox böyük nəticələr verir. Dini radikalizmin qarşısının alınması ölkəmizdə mövcud olan dini tolerantlıq və multikultural dəyərlərin qorunması və təşviqi baxımından çox böyük əhəmiyyətə malikdir.

Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu qeyd edən S.Salahlı dövlətin yürütdüyü din siyasətinin, dini konfessiyalar arasında mövcud olan qarşılıqlı əməkdaşlıq mühitinin bütün dünyada nümunə kimi təqdim olunduğunu vurğulayıb.

Müzakirələrlə davam edən seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.