REGİONLAR
Samuxda keçirilən əmək yarmarkasına 241 iş yeri çıxarılıb
Samux, 12 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Samux Rayon Məşğulluq Mərkəzi işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədilə rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların, həmçinin sahibkarların köməyi ilə əmək yarmarkası keçirib.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcədən əmək yarmarkasının keçirilməsinə dair qəsəbə və kəndlərdə müvafiq yerlərə elanlar vurulub, işsiz və işaxtaran vətəndaşlar arasında təbliğat aparılıb.
Əmək yarmarkasına 20 idarə, müəssisə, təşkilat və fiziki şəxs tərəfindən, ümumilikdə, 241 boş iş yeri çıxarılıb. İş yerlərini təqdim edən müəssisələrdən 11-i dövlət, 7-si qeyri-dövlət müəssisəsi, 2-si isə fiziki şəxs olub. Yarmarkaya dövlət müəssisələri tərəfindən 100, qeyri-dövlət müəssisələri tərəfindən 34, fiziki şəxslər tərəfindən isə 9 boş iş yeri çıxarılıb. Təqdim olunan iş yerlərində minimum əməkhaqqı 130 manat, maksimum əməkhaqqı isə 365 manat təşkil edib.
Gün ərazində yarmarkaya 210 nəfər vətəndaş müraciət edib. Həmin vətəndaşlardan 39 nəfərinə münasib iş yerlərinə, 10 nəfərinə isə ictimai işlərə göndəriş verilib.