REGİONLAR
Samuxda məhdud fiziki imkanlı gənclərlə görüş: Hamımız bərabərik!
Samux, 31 may, Rauf Hacıyev, AZƏRTAC
Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə məhdud fiziki imkanlı gənclərin cəmiyyətə adaptasiya edilməsinə dair "Hamımız bərabərik!" adlı maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Əliyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, “Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri” İctimai Birliyinin nümayəndələri, eləcə də valideynlər və gənclər iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Samux rayonunun kənd və qəsəbələrində yaşayan əlilliyi olan gəncləri bir araya gətirməklə onlar arasında ünsiyyət imkanlarını artırmaq və bu cür insanların cəmiyyətə inteqrasiya problemlərinin həllinə nail olmaqdır.
Tədbirdə qazandığı uğurları ilə çoxlarına nümunə ola biləcək gənc, dünyada ilk dəfə keçirilən uşaq paralimpiya oyunlarının qalibi və "Uğurlarımız" adlı təşəbbüs qrupunun rəhbəri Sənan Ələsgərov çıxış edərək özünün uğur hekayəsindən danışıb, əlilliyi olan gənclərə motivasiya verib.
Digər çıxış edənlər də əlilliyi olan gənclərin cəmiyyətə adaptasiyasını, xüsusi istedada malik bu cür insanların aşkar edilməsini, həmçinin onlarda həyat sevgisinin daha da artırılmasının vacibliyini vurğulayıblar.