CƏMİYYƏT
Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar
Bakı, 11 iyul, AZƏRTAC
Bu il mayın 12-də Samux rayon sakini M.Mehbalıyeva rayon polis şöbəsinə müraciət edərək tanımadığı və maskalı dörd nəfərin evinə daxil olduğunu və ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini, lakin evdə olan qızı və nəvəsini gördükdən sonra mobil telefonu götürərək getdiklərini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimov Samux və Göygöl Rayon Polis şöbələri əməkdaşlarının birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayət hadisəsini etiraf ediblər. Dəstə üzvlərindən E.Məmmədov və T.Süleymanov digər iki nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Hazırda dəstə üzvlərinin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.