DÜNYA
San-Fransiskoda meymunçicəyi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Bakı, 29 iyul, AZƏRTAC
San-Fransisko şəhərinin (Kaliforniya ştatı) hakimiyyət orqanları sakinlər arasında meymunçicəyi xəstəliyinə yoluxma hallarının artması səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.
AZƏRTAC “San Francisco Chronical” nəşrinə istinadla xəbər verir ki, bu addım xəstəliyin yayılmasının qarşısını almaq üçün yerli hakimiyyət orqanlarına daha çox resurs toplamağa imkan verəcək. İyulun 29-na olan məlumata görə, San-Fransiskoda meymunçiçəyinə 281 yoluxma halı qeydə alınıb. Kaliforniya ştatında müəyyən edilən yoluxmaların 30 faizi bu şəhərin payına düşür. Şəhərin səhiyyə departamenti bildirib ki, fövqəladə vəziyyət rejimində hər hansı məhdudiyyətin tətbiqi nəzərdə tutulmur.
San-Fransiskonun səhiyyə xidmətlərinə meymunçiçəyi infeksiyasının profilaktikası üçün 8,2 min doza “Jynneos” vaksini təqdim olunub.
Bu arada “The Washington Post” qəzeti xəbər verib ki, Nyu-York ştatında meymunçiçəyi sağlamlığa birbaşa təhdid elan edilib. Ölkədə meymunçiçəyinə 4,9 min yoluxma halının 40 faizi San-Fransisko şəhərində və Nyu-York ştatında qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 23-də meymunçiçəyi infeksiyasının insanlar arasında yayılmasını səhiyyə sahəsində fövqəladə hal kimi qəbul edib. ÜST dünyanın 75 ölkəsində yaşayan insanlar arasında bu infeksiyaya 16 min yoluxma və beş ölüm faktı aşkarlayıb.
Meymunçiçəyi nadir virus infeksiyasıdır. Xəstəlik çox vaxt yüngül keçir və yoluxanların əksəriyyəti bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verir. Yüksək hərarət, baş və bel ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və əzginlik xəstəliyin ilk simptomlarıdır. Əvvəlcə üzdə, sonra isə bədənin digər hissələrində səpkilər əmələ gəlir.