İDMAN
San-Paulu F 1 Qran-Prisini Rio-de-Janeyroya güzəştə getmək istəmir
Bakı, 11 may, AZƏRTAC
San-Paulu ştatının qubernatoru Joao Doria və şəhər meri Bruno Kovas Braziliya Prezidenti Jair Bolsonarunun artıq 2020-ci ildə Formula 1 Braziliya Qran-Prisinin “Interlagos” trasından Rio-de-Janeyroda yerləşən yeni avtodroma köçəcəyi barədə bəyanatını təkzib ediblər.
AZƏRTAC “Globo” saytına istinadla xəbər verir ki, Joao Doria deyib: “Biz San-Pauluda Formula 1-dən imtina etməyəcəyik. Rio-de-Janeyronun haqlarına hörmətlə yanaşırıq, lakin zənnimcə, bu layihə iqtisadi cəhətdən sərfəli deyil. Hesab edirəm ki, bu yerdəyişmə “Interlagos”un dünyanın ən yaxşı beş trasından biri olduğunu bilən pilotların da xoşuna gəlməyəcək. Mən Rio-de-Janeyronun Deodoro rayonunun üzərindən uçurdum, orada heç nə yoxdur. Siz sərmayəsiz, plansız, 2020-ci il üçün tikintisinə büdcədən pul ayrılmayan obyekti necə təsəvvür edirsiniz? Burada bir yanlışlıq var. Həmin ərazidə avtodrom yoxdur. Bu təklifi ciddi hesab etmək olmaz”.
Qubernator xatırladıb ki, Formula 1-lə imzalanmış kontraktın şərtlərinə görə, 2020-ci il Qran-Prisinin San-Pauluda keçirilməyəcəyi təqdirdə ciddi cərimə nəzərdə tutulub. Şəhər meri Kovas isə bəyan edib ki, Formula 1 ilə “Interlagos” arasında kontraktın müddətinin uzadılmasının önündə heç bir maneə yoxdur.