CƏMİYYƏT


Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300-dən çox Qarabağ müharibəsi qazisi müalicə olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Ötən ilin noyabr ayından bu günə qədər Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300-dən çox Qarabağ müharibəsi qazisi müalicə olunub. Qazilərin əksəriyyəti bir dəfə müraciət edənlər olsa da, müalicənin effektivliyindən asılı olaraq onların arasında iki və ya üç dəfə müraciət edənlər də olub. Müraciətlər əsasən kəllə-beyin, onurğa-beyin travmaları, dayaq hərəkət və periferik sinir sistemlərinin zədələnmələri ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bunu Sanator-Kurort Reabilitasiya Mərkəzinin direktoru Mürsəl Mürsəlov Səhiyyə Nazirliyinin instaqram səhifəsinin canlı yayımında “Qazilərin reabilitasiyası” mövzusunda danışarkən deyib.

M.Mürsəlov bildirib ki, hər ay ərzində təxminən 150 qazinin mərkəzə müraciəti qeydə alınır: “Onlar əsasən güllə, qəlpə və müxtəlif çaplı mərmi yaralarından əziyyət çəkən qazilərdir. Kəllə-beyin travmaları ilə bağlı müraciətlər daha çoxdur. Mərkəzə müraciət edənlərin təxminən 100-150 nəfərində açıq kəllə-beyin travması, 700 nəfərdən çox qazidə isə qapalı kəllə-beyin travması müşahidə edilib. Təxminən 400 nəfər qazinin onurğa-beyin zədələnməsi müalicə olunub. Bundan başqa, 10-15 nəfər qazi isə mərkəzə nitq qüsurları ilə bağlı müraciət edib və həmin qazilər loqoped müalicəsi aldıqdan sonra tam sağalıb və evə buraxılıblar. Ümumiyyətlə qazilərdə kombinə olunmuş zədələnmələr daha çoxdur. Mərkəzdə qazilərə fizioterapiya, müxtəlif müalicəvi vanna və masajlar, müalicəvi bədən tərbiyəsi və s. tibbi xidmətlər təklif edilir. Maksimum effekt əldə etmək üçün lazım olan müalicə üsulları kompleks şəkildə həyata keçirilir”.

Hazırda mərkəzin yalnız qazilərə xidmət göstərdiyini bildirən M.Mürsəlov qeyd edib ki, növbəti aylarda Sanator-Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahətinin təşkil edilməsi də planlaşdırılır: “Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, səhiyyə nazirinin birinci müavini Teymur Musayevin tapşırığı ilə iyul ayında mərkəzdə xüsusi bir aksiya təşkil edildi. Vətən müharibəsi şəhidlərinin həyat yoldaşları və onların övladlarına sanatoriya, reabilitasiya və bərpa xidməti göstərmək həmin aksiyanın başlıca məqsədi idi. Aksiya çərçivəsində müraciət edən 105 şəhid övladı və 55 şəhid xanımı mərkəzin xidmətlərindən yararlana bildilər. Aksiyanın növbəti aylarda icrası üçün təkliflər hazırlanaraq Səhiyyə Nazirliyinə göndərilib. Hesab edirəm ki, təklif tez bir zamanda qəbul ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.