İQTİSADİYYAT
Sanitar və fitosanitar nəzarət tədbirlərinin icrasında idarələrarası koordinasiya üzrə seminar başlayıb
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Dövlət Gömrük Komitəsi üçün Sanitar və Fitosanitar Nəzarət (SPS) Tədbirlərinin İcrasında İdarələrarası Koordinasiya” üzrə seminar başlayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, DGK ilə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti, eləcə də Ümumdünya Ticarət Təşkilatı ilə birgə təşkil olunan seminarın məqsədi fitosanitar, sanitar və karantin, baytar nəzarəti sahəsində ABŞ-ın Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) çərçivəsində ən yaxşı təcrübələrin mənimsənilməsi, eləcə də beynəlxalq arenada istifadə olunan alətlərin öyrənilməsidir.
Seminarda Dövlət Gömrük Komitəsinin gömrük-sərhəd buraxılış məntəqələrində çalışan müfəttişləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak edir.
Proqram haqqında iştirakçılara geniş məlumat verən CLDP-nin baş hüquq məsləhətçisi Meqan Makmillan Azərbaycanın biznes indikatorlarının son illərdə inanılmaz sıçrayışla irəlilədiyini bildirib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin bölmə rəhbəri Castin Berq sanitar və fitosanitar tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və təlimin təşkilində göstərdiyi dəstəyə görə DGK-ya təşəkkürünü ifadə edib.
Komitənin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin gömrük prosedurlarının təşkili idarəsinin rəisi Pərviz Qədirov il ərzində mövzu ilə bağlı 5 tədbir keçirildiyini və DGK-nın beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verdiyini bildirib. O da vurğulanıb ki, bu seminar qida təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumlar arasında səmərəli koordinasiyanın təşkilinə münbit şərait yaradacaq.
Üç gün davam edəcək seminarda ekspertlər tərəfindən iştirakçılara “Beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə cari təşəbbüslər”, “Ticarət prosedurlarının sadələşdirilməsi və sanitar və fitosanitar tədbirlərin tətbiqinə dair saziş üzrə idarələrarası koordinasiya”, “Nəzarət üzrə qabaqcıl təcrübə və SPS prosedurlarının səmərəliləşdirilməsi” və digər mövzularda məlumat veriləcək.