İQTİSADİYYAT


Sanitar və fitosanitar nəzarət tədbirlərinin icrasında idarələrarası koordinasiya üzrə seminar yekunlaşıb

Bakı, 7 mart, AZƏRTAC

Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Dövlət Gömrük Komitəsi (DGK) üçün Sanitar və Fitosanitar Nəzarət (SPS) Tədbirlərinin İcrasında İdarələrarası Koordinasiya” üzrə seminar yekunlaşıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, seminarın bağlanış mərasimində DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini Mübariz Mustafayev seminarın gənc kadrların peşə biliklərinin təkmilləşməsində müsbət təsir göstərəcəyini vurğulayıb.

ABŞ-ın ölkəmizdəki səfirliyinin bölmə rəhbəri Castin Berq təlimin təşkilində göstərdiyi dəstəyə görə DGK-ya təşəkkürünü bildirib. Daha sonra ekspertlər yekun nitqlə çıxış edərək seminarın məhsuldar keçdiyini, fikir mübadiləsi zamanı iştirakçıların xüsusi olaraq fəallıq nümayiş etdirdiklərini bildiriblər. Eyni zamanda, gələcəkdə əməkdaşlığın gücləndirilməsi üçün zəruri addımlar atılmasının vacibliyi diqqətə çatdırılıb. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Seminarda Dövlət Gömrük Komitəsinin gömrük-sərhəd buraxılış məntəqələrində çalışan müfəttişləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak edib. Təlim çərçivəsində beynəlxalq ekspertlər tərəfindən “Beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə cari təşəbbüslər”, “Ticarət prosedurlarının sadələşdirilməsi və sanitar və fitosanitar tədbirlərin tətbiqinə dair saziş üzrə idarələrarası koordinasiya”, “Nəzarət üzrə qabaqcıl təcrübə və SPS prosedurlarının səmərəliləşdirilməsi” və digər mövzularda məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.