CƏMİYYƏT
Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi məqsədilə vebinar keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri ilə onlayn formatda növbəti görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, Qida təhlükəsizliyi və bitki mühafizəsi üzrə beynəlxalq mütəxəssislər Vadims Bartkeviçs, İveta Puqayeva və Elina İkkere layihəyə dair fikirlərini, gözləntilərini və Avropa təcrübəsini bölüşüb, nəzərdə tutulan icra müddəti ərzində layihə çərçivəsində görüləcək işlər barəsində fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, layihənin uğurla icrası rəqabətqabiliyyətli bitki mənşəli məhsulların istehsalı sahəsində bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlıq olacaq.
Görüşdə “Bitki mənşəli qida və yemdəki pestisid qalıqlarının təhlili üçün üç yeni üsulun hazırlanması və təsdiq edilməsi” adlı proqram üzrə təqdimatlar və videomateriallar nümayiş olunub, pestisidlərin qalıq miqdarının və təhlükəli cəhətlərinin təyin edilməsi üçün istifadə olunan analitik protokollar barəsində geniş məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin görüş iştirakçıları rəqabətqabiliyyətli bitki mənşəli məhsulların istehsalı baxımından Avropa ölkələri ilə sıx əməkdaşlığın zəruriliyini qeyd ediblər. Layihənin ölkəmizdə bitki sağlamlığı və fitosanitar tədbirlərin təkmilləşdirilməsi sahəsində əhəmiyyətini yüksək qiymətləndirərək, müsbət nəticələr verəcəyinə əmin olduqlarını vurğulayıblar.