CƏMİYYƏT
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir
Bakı, 3 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları sanitariya
gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Mehdiabad bələdiyyəsinin sədri V.Hüseynov barəsində protokol tərtib edilərək üç min manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Binəqədi rayonunun ərazisində keçirilən tədbir zamanı isə Biləcəri qəsəbəsinin Vağzalyanı küçəsindəki binaların birinin həyətində bərk tullantıların qalaqlanması aşkarlanıb. Həmin binada yaşayan vətəndaş Y.Rəcəbov barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib olunaraq 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.