HEYDƏR ƏLİYEV - 100
Sankt-Peterburqda Azərbaycanın Müstəqillik Gününə və Ulu Öndərə həsr olunmuş qala-konsert















Bakı, 8 iyun, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərindəki “Ledovı” sarayında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi, 28 May - Azərbaycanın Müstəqillik Günü və Peterburqun 320 illiyi münasibətilə “Yüzilliklər boyu dostluq” adlı təmtəraqlı qala-konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AZƏRTAC-a bildirilib ki, “Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə rəsmi şəxslər, yerli ictimaiyyətin müxtəlif təbəqələrinin və milli birliklərin təmsilçilərindən ibarət 12 min tamaşaçı iştirak edib. Qonaqlar arasında şəhərin qubernatoru Aleksandr Beqlov, Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski, DİDK-nin sədr müavini Vaqif Seyidbəyov və başqaları olublar.
Tədbir iştirakçılarını “Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişov salamlayıb.
Tədbirdə çıxış edən Komitə sədrinin müavini V.Seyidbəyov şəhər ictimaiyyətini yubiley münasibətilə təbrik edib, bu il ölkəmizdə və dünyanın müxtəlif ölkələrində xalqımızın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Bu mühüm hadisə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyi diqqətə çatdırılıb. Sovet dövründə Heydər Əliyevin Moskvada yüksək vəzifələrdən birini tutduğunu xatırladan Komitə sədrinin müavini bildirib ki, böyük öndər Azərbaycan Prezidenti olduğu illərdə qonşu ölkə ilə ikitərəfli münasibətlərin inkişafı naminə misilsiz xidmətlər göstərib, Sankt-Peterburq şəhərinə də rəsmi səfərlər edib: “Hazırda Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibətlər yüksək səviyyədədir və bu münasibətlərin qurulmasının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub. Dövlətlərimizin liderləri arasında dostluq münasibətləri də buna bariz nümunədir”.
Tədbir Heydər Əliyevin uzaqgörən siyasətindən və Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı böyük xidmətlərindən bəhs edən filmin nümayişi ilə davam edib.
Sonra Azərbaycandan gələn incəsənət xadimlərinin, Mariinski Teatrının artistlərinin və Sankt-Peterburqun milli-mədəni birliklərinin yaradıcı kollektivlərinin ifasında konsert proqramı təqdim edilib. İkinci Dünya müharibəsi və Qərb Hərbi Dairəsinin orta yaş həddi 88 olan veteranlarından ibarət xorun çıxışı alqışlarla qarşılanıb.
Qeyd edək ki, konsertdən öncə şəhərin qubernatoru Aleksandr Beqlov və Qanunvericilik Məclisinin sədri Aleksandr Belski MDB ölkələrini əhatə edən veteranlar və blokada dövrünün sakinləri ilə görüşüb, gənclərin vətənpərvər ruhda yetişməsində fəal iştiraklarına görə onlara minnətdarlıqlarını bildiriblər.
“Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişova bayram tədbirinin təşkilində xidmətlərinə görə “Sankt-Peterburqun 320 illiyi” medalı təqdim edilib.