SİYASƏT


Sankt-Peterburqda Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi qeyd olunub

Sankt-Peterburq, 28 may, AZƏRTAC

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu 28 May – Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi qəbulda çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, tariximizdəki yerindən və rolundan danışıb. Vurğulanıb ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalıb, özünü onun siyasi və mənəvi varisi elan edib.

Sultan Qasımov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlər müstəvisində yeni mərhələyə çıxarıb və hazırda bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanla Sankt-Peterburq arasında bütün sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində əlaqələr dinamik inkişaf edir.

Sankt-Peterburqun vitse-qubernatoru Yevgeni Yelin, Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı, “Yedinaya Rossiya” fraksiyasının üzvü Denis Çetırbok, Leninqrad vilayətinin xarici əlaqələr komitəsinin sədri Andrey Minin, İranın Rusiyadakı səfiri Mehdi Sanai, Türkiyə və İsrailin Sankt-Peterburqdakı baş konsulları Yunus Belet və Olqa Slov Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik, parlamentli respublika olduğunu qeyd ediblər. Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin gündən-günə möhkəmləndiyini, ölkəmizin sürətlə inkişaf etdiyini, beynəlxalq idman və mədəniyyət mərkəzinə çevrildiyini vurğulayıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.