DÜNYA
Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilib [YENİLƏNİB] VİDEO
Moskva, 9 avqust, AZƏRTAC
Avqustun 9-da Sankt-Peterburqdakı Konstantin sarayında Rusiya Prezidenti Vladimir Putinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, iki ölkə arasında əməkdaşlıq regionda bir çox problemlərin həllinə töhfə verəcək. “İnanıram ki, indi atdığımız və gələcəkdə atacağımız addımlarla əlaqələrimiz yeni səviyyəyə çatacaq”, - deyə Türkiyə dövlətinin başçısı qeyd edib. Türkiyə Prezidenti Yüksək Səviyyəli Məsləhətləşmə Şurasının iclaslarının davam etdirilməsinin önəmini vurğulayıb.
Prezident Vladimir Putin Türkiyə Prezidentinin Rusiyaya bu səfərinin iki ölkə arasında dialoqun bərpa olunmasından xəbər verdiyini qeyd edib: “Türkiyədə mürəkkəb daxili siyasi vəziyyətə baxmayaraq Sizin Rusiyaya səfər etməyiniz göstərir ki, biz hamımız Türkiyə və Rusiya xalqlarının mənafeləri naminə dialoqun bərpa olunmasında maraqlıyıq”. Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana ilk zəng edənlərdən biri olduğunu deyən Prezident Vladimir Putin ölkəsinin konstitusiyaya zidd hərəkətlərə qarşı çıxdığını diqqətə çatdırıb. Dövlət başçısı Türkiyə Prezidentinin ölkədə yaranmış böhranı aradan qaldırmaq iqtidarında olduğuna əminliyini ifadə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva