CƏMİYYƏT
Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəalları ilə görüş keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla əlaqədar Sankt-Peterburq şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təşəbbüsü ilə “dəyirmi masa” keçirilib.
Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyası siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının sədr müavini Rüfət Quliyev, deputat Adil Əliyev, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclis sədrinin köməkçisi, MDB Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Emin Hacıyev, “Vətən” İctimai Təşkilatının sədri Məzahir Həsənov, RAGT Sankt-Peterburq regional bölməsinin sədri Zülfüqar İsmayılov, digər rəsmi şəxslər, Sankt-Peterburq şəhərində yaşayan və işləyən 80-dən çox azərbaycanlı gənc və onların başqa ölkələrdən olan gənc dostları tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən Rüfət Quliyev Azərbaycanda hökm sürən davamlı siyasi və iqtisadi sabitlik, qazanılmış böyük uğurlar barədə ətraflı məlumat verib.
Sankt-Peterburqda yaşayan azərbaycanlı gənclər çıxışlarında hər zaman Vətənə sadiq qalacaqlarını, onun yolunda hər cür fədakarlığa hazır olduqlarını bildiriblər.
Sonra müzakirələr dialoq şəklində davam etdirilib.