CƏMİYYƏT
Sankt-Peterburqda yaşayan azərbaycanlı gənclər Rusiyanın Şərq Muzeyinin rəhbərliyinə etirazlarını bildiriblər
Bak,18 iyun,AZƏRTAC
"Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatının nəzdindəki Azərbaycan Gəncləri Birliyi Rusiyanın Şərq Muzeyində sərgilənən təxribatçı sərgiyə kəskin etirazını bildirib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Gəncləri Birliyinin sədri Elman Manafovun imzası ilə Şərq Muzeyinin direktoru Aleksandr Sedova ünvanlanan məktubda deyilir: “Çox təəssüf ki, rəhbərlik etdiyiniz nüfuzlu qurumdakı sərgilər arasında nümayiş olunan "Qafqazın dekorativ və tətbiqi sənəti" guşəsində Azərbaycan torpaqları, yəni, Dağlıq Qarabağ xəritədə ayrıca dövlət kimi təqdim olunub. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Dağlıq Qarabağ hər zaman Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olub. Bunu Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ölkələri, xüsusilə də Rusiya Federasiyası tərəfindən tanınması sübut edir".
Qeyd edilib ki, muzeyin ziyarətçilərinə təqdim olunan informasiya həqiqətə uyğun deyil. “Bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafeyinə, iki qonşu dövlətin münasibətlərinin daha da möhkəmlənməsinə xələl gətirə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında yaranmış qardaşlıq münasibətləri xalqlarımızın dostluğunun sarsılmazlığının təminatıdır, - deyə məktubda qeyd olunub.
Gənc soydaşlarımız muzey rəhbərliyini məlumatları ciddi və etibarlı şəkildə araşdırmağa çağırıblar.