REGİONLAR
Şanlı Qələbənin sevinci: Qəhrəman şəhər Tərtərdən REPORTAJ
Tərtər, 10 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan xalqı uzun illərdir həsrətində olduğu tarixi qələbəni qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək Şanlı Qələbəmizin müjdəsini verməsi ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əllərində Azərbaycanın üçrəngli bayrağı, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin portretləri olan tərtərlilər Şanlı Qələbənin sevincini yaşayıblar. Avtomobil karvanı Tərtər şəhərindən Şıxarx qəsəbəsinədək hərəkət edib. Məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində davam edən şənlikdə "Yaşasın Ali Baş Komandan!", "Qarabağ!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan Ordusuna eşq olsun!" "Qələbə bizimdir" kimi şüarlar səsləndirilib.
Müxbirimiz düşmənlə üz-üzə qəhrəmancasına dayanan tərtərlilərin təəssüratlarını öyrənib. Suqovuşan kəndindən məcburi köçkün Xaliq Hümbətov deyib: "Həyatımızın ən xoş günləridir. Ali Baş Komandanın, Azərbaycan Ordusunun zəfərini qeyd edirik. Bu gün biz doğma yurdumuzun işğaldan azad olunmasını, xalqımızın qələbəsini qeyd edirik. Bu qələbəni bizə bəxş edən Prezidentimizə, ordumuza minnətdaram".
2016-cı ilin Aprel döyüşlərinin qazisi Ruslan Məmmədzadə: "Azərbaycan xalqını böyük zəfər münasibətilə təbrik edirəm. Başda Ali Baş Komandan olmaqla, bütün hərbçilərə bu sevinc hissini bizə yaşatdığı üçün minnətdarlığımı bildirirəm. 2016-cı ilin Aprel döyüşlərində biz Lələtəpə və Talış yüksəkliklərini işğaldan azad etdik. Bu gün isə ordumuz düşməni tamamilə məğlub etdi. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!"
Rayon sakinləri musiqi sədaları altında rəqs edib, yallı gediblər. Tərtər rayonundan fotoları təqdim edirik.