REGİONLAR
“Şanlı tarix” bilik yarışının qalibləri mükafatlandırılıb
Ağcabədi, 18 oktyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi Ağcabədi şəhərində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə “Şanlı tarix” intellektual bilik yarışı keçirib. Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
AZƏRTAC xəbər verir ki, Qarabağ Muğam Mərkəzində keçirilən yarışda 12 komanda üzrə 120-dən çox gənc və yeniyetmə iştirak edib.
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova çıxış edərək, iştirakçıları Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi dövlətin gənclər siyasətinin tərkib hissələrindən biridir.
Rayon icra hakimiyyətinin əməkdaşı Nicat Axundov və başqaları yarışın əhəmiyyətini qeyd edərək, komandalara uğurlar arzulayıblar.
İntellektual bilik yarışında 3 nömrəli məktəb-liseyin “Zəfər” komandası birinci, 5 nömrəli tam orta məktəbin “Odlar Yurdu” komandası ikinci, 1 nömrəli tam orta məktəbin “Səfəvi” komandası üçüncü yerə layiq görülüb.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.