İQTİSADİYYAT


Şans amilinin biznes proseslərinə təsiri

İstanbul Universitetinin bakalavrı Nicat Muradzadə şans amilinin biznes proseslərinə təsiri ilə bağlı məqaləsini oxucularla bölüşür

Bakı, 19 sentyabr, AZƏRTAC

Əsasən postsovet ölkələrində biznes proseslərinə dair geniş yayılmış bir stereotip bu gün də tədqiqatçıların marağını cəlb edir. Belə ki, spesifik seqmentə mənsub insanların təhtəlşüurunda yerləşmiş hipotezə görə, sahibkarlıq fəaliyyətinin uğur dərəcəsi bir başa şans, bəxt, yaxud tale adlandırılan amillərdən birbaşa asılıdır. İstanbul Universitetinin İdarəetmə fakültəsinin bakalavrı Nicat Muradzadənin məqaləsində şans amilinin biznes proseslərinə təsirindən danışılır. AZƏRTAC məqaləni təqdim edir.

Nəzəri cəhətdən sahibkarlıq və ya biznes, mənfəət əldə etmək məqsədilə digər iqtisadi subyektləri bir sıra mürəkkəb funksiyaların inteqrasiyasından hasil olan mal və xidmətlərlə təmin etmək fəaliyyətidir. Tərifdən də göründüyü kimi biznes bir proses kimi olduqca çoxşaxəlidir və müxtəlif funksiyaların effektiv fəaliyyətinin vəhdəti sayəsində müvəffəqiyyətli ola bilər. Hərçənd, uğuru şərtləndirən başlıca amil, qeyd etdiyim kimi, funksiyaların təkmil fəaliyyəti olsa da digər amillər də biznes tsiklində əhəmiyyətli yerə malikdir. Bu baxımdan, sözügedən proseslərdə şans amilinin rolu tədqiq edilməlidir.

Özünün səciyyəvi xüsusiyyətlərinə görə onlarla növ biznes tipi mövcuddur. Lakin kateqoriyasından asılı olmayaraq, istənilən sahibkarlıq subyektinin uğurlu və ardıcıl fəaliyyət göstərməsi üçün labüd olan bir qisim funksiyalar var. İdarəetmə üzrə kifayət qədər mötəbər alimlər hesab olunan Siril O'donnel və Harold Kuntz 1959-cu ildə qələmə aldıqları “İdarəetmənin əsasları: İdarəçilik funksiyalarının təhlili” adlı əsərdə idarəetmənin əsas funksiyalarını planlaşdırma, təşkiletmə, komplektləşdirmə (insan resurslarına aiddir), istiqamətləndirmə və nəzarət olaraq xarakterizə ediblər.

Şübhəsiz ki, gündəlik həyatda olduğu kimi, biznesdə də sistemsiz risklər mövcuddur. Yuxarıda qeyd edilən funksiyalar mahiyyətcə sözügedən risklərin standartlaşdırılmasına və bütövlükdə biznes subyekti üçün həmin risklərin mümkün təsirlərinin neytrallaşdırılmasına xidmət edir. Bu məqamda təbii sual yaranır - Şans bu prosesin harasında dayanır? Cavab sadədir, bəzi fövqəladə vəziyyətlərdə tale insanın üzünə gülür və biznes kontekstində sahibkar, müstəqil və kortəbii inkişaf edən ekzogen proseslərin fonunda müəyyən gəlir əldə edə bilir. Şübhəsiz ki, bu epizodik hadisənin ardıcıl xarakter daşıması qeyri-mümkündür. Belə olan halda, xidməti fəaliyyətinin əsaslarını ehtimal nəzəriyyəsinin sərhədlərini aşaraq formalaşdıran biznes subyektləri ziyan və itki ilə üzləşəcək.

“Harvard Business Review” jurnalının ötən saylarından birində, inkişaf etməkdə olan ölkələrdə özəl sektorun vəziyyəti təhlil edilərkən əsas problemlər sırasında şirkətlərin şanslar yaradıb, onları möcüzəyə çevirə bilməməsi göstərilirdi. Hərçənd, “şans yaratmaq” yaxud “möcüzəyə çevirmək” kimi terminlər bir qədər yerli biznes ekosisteminin əksər komponentləri üçün yad olsa da, ələlxüsus, Birləşmiş Ştatlarda bu məqama əlahiddə diqqət yetirilir. Belə ki, şans yaratmaq dedikdə, əsasən dayanıqlı innovasiyanın, effektiv marketinq metodologiyasının, rezilyent iyerarxik sxemlərin proseslərə inteqrasiyası və bütövlükdə bu ünsürlərin bir vahid kimi proseslərin hərəkətverici qüvvəsi halına gəlməsi nəzərdə tutulur. Şansı möcüzəyə çevirmək isə daha çox əldə olunan fiziki və qeyri-fiziki üstünlüyü davamlılaşdıraraq biznes subyektinə rəqabət immuniteti aşılamağı ifadə edir. Buradan aydın olur ki, qeyri-müəyyənliyə sistematik yanaşma nəticə etibarilə yeni şansların ortaya çıxmasına və onların davamlılaşmasına, son mərhələdə isə biznes subyektinin mənfəətinin maksimallaşmasına rəvac verə bilər.

Fikrimcə, biznes mühitini ehtiva etdiyi elementlər baxımından şanslar toplusu adlandırmaq mümkündür. Burada əsas məqam şansa yanaşmanın hansı aspektdən olmasıdır. Hərgah, bir şirkət özünün inzibati resursunun əhəmiyyətli bir hissəsini tədqiqat və tərəqqi üçün xərcləyirsə, o zaman, həmin şirkət üçün şans ardıcıl xarakter alaraq gəlirini maksimallaşdıracaq. Bununla birlikdə, məsələlərə primitiv yanaşmaqla bütün fəaliyyətini praktik və elmi əsaslara söykənməyən, sırf fantaziya məhsulu olan ehtimallar üzərində quranlar üçün isə şans təkistifadəlik və təhlükəli məfhum olaraq qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.