CƏMİYYƏT
Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin media nümayəndələri Şaansi avtomobil zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO
Sian, 26 oktyabr, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv, müşahidəçi və dialoq tərəfdaşı olan ölkələrin aparıcı media qurumlarının nümayəndələri oktyabrın 26-da Çinin Sian şəhərində olublar.
AZƏRTAC xəbər verir ki, Sianda bir sıra görüşlərdə iştirak edən KİV nümayəndələri əvvəlcə Şaansi avtomobil zavodunda olub, istehsal prosesinə baxıblar.
Məlumat verilib ki, bu müəssisə Çində avtobus, ağırtonnajlı, orta, yüngül, mini yük avtomobilləri, mühərriklər, ehtiyat hissələri, habelə hərbi avtomobillər istehsal edən iri müəssisələrdən biridir. 1968-ci ildə yaradılmış zavodun hazırda 23 mindən çox işçisi var. Müəssisənin buraxdığı yük maşınları “SACHMAN”, avtobusları isə “Eurostar Bus” brendləri altında dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda satılır.
Şaansi avtomobil zavodunun daxil olduğu “Shaanxi Automobile Group Co. Ltd” ümumilikdə 10 törəmə şirkəti özündə birləşdirir. Onların hamısı Şaansi vilayətində yerləşir. Şirkət avtobus və yük maşınları ilə yanaşı, digər yük avtomobil istehsalçıları üçün hissələr də buraxır. Şaansi avtomobil zavodu hazırda Çinin və Asiyanın ən böyük 500 şirkəti sırasındadır.