CƏMİYYƏT
Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturu ilə BMT-nin Antiterror İdarəsi arasında memorandum imzalanıb


Daşkənd, 1 noyabr, AZƏRTAC
Daşkənddə bu gün başa çatan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional Antiterror Strukturunun (RAS) “Terrorizmlə mübarizə-sərhədsiz əməkdaşlıq” adlı altıncı konfransı çərçivəsində ŞƏT RAS və BMT-nin Antiterror İdarəsi arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatın üzvü olan səkkiz ölkənin, həmçinin müşahidəçi və tərəfdaş ölkələrin nümayəndələri, ekspertlər iştirak ediblər.
Konfransda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Tədbirdə ŞƏT Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru Yevgeni Sısoyev, təşkilatın baş katibi Rəşid Alimov, Birləşmiş Millətlər Təşkilatı baş katibinin müavini Vladimir Voronkov və başqaları çıxış ediblər.
Forum iştirakçıları beynəlxalq terror təşkilatlarının yaratdığı təhlükələrə qarşı səmərəli mübarizə mexanizmlərinin formalaşdırılması, terrorizmlə mübarizədə beynəlxalq humanitar hüququn normativləri məsələlərini müzakirə edib, terrorizm və ekstremizmlə mübarizədə təcrübə mübadiləsi aparıblar.
Bildirilib ki, dünyanın müxtəlif regionlarında beynəlxalq terror hərəkatları və təşkilatlarının yarandığı bir zamanda ŞƏT məkanında terrorizmlə mübarizə tədbirləri gücləndirilməlidir. Qeyd olunub ki, regionda sabitliyin gücləndirilməsi, terrorizm, separatizm, ekstremizm təhlükəsinin aradan qaldırılması üçün üzv dövlətlər səylərini artırmalıdırlar. Regional antiterror strukturu dünyada təhlükəsizliyin möhkəmləndirilməsi, sabitliyin qorunması, həmçinin terrorizm, dini ekstremizm, separatizm, qanunsuz silah və narkotik alveri, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə genişmiqyaslı iş aparır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd