MƏDƏNİYYƏT
Şanxayda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub
Pekin, 2 iyun, AZƏRTAC
Çinin maliyyə mərkəzi hesab olunan Şanxay şəhərindəki "Pullman Jingan" mehmanxanasında "Odlar yurdu" adlı Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, gecənin qonaqları dolma, plov, müxtəlif salatlar, şirniyyatlar daxil olmaqla Azərbaycan mətbəxinin ləziz təamlarından və şərablarından dadıblar.
Tədbir "Eva Global (Shanghai) International Trading co. Ltd" şirkətinin rəhbəri və "Azeri LLC" şirkətinin Çindəki nümayəndəsi, həmvətənimiz Anna Vey və Şanxayda keçirilmiş kulinariya festivallarının fəal iştirakçısı Aysel Lətiflinin təşkilatçılığı ilə baş tutub. Aysel mehmanxananın aşpazları ilə birgə Azərbaycan yeməklərinin hazırlayıb.
Tədbirdə Azərbaycan musiqisi səslənib, qonaqlar həmvətənlərimizin ifasında milli rəqslərimizi izləyiblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin