DÜNYA


Şanxayda karantin rejiminin yumşaldılmasına başlanılıb

Pekin, 16 may, AZƏRTAC

COVID-19 virusunun sürətlə yayılması səbəbindən təxminən 2 aydır qapanma rejiminin tətbiq olunduğu Şanxayda karantin rejiminin yumşaldılmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, şəhər merinin müavini Çen Ton mayın 16-dan etibarən ticarət mərkəzlərinin, supermarketlərin, apteklərin, kafe və restoranların, qadın və kişi salonlarının mərhələli şəkildə fəaliyyətini bərpa edəcəyini bildirib. Həmin məkanlar epidemiya əleyhinə qaydalara, müştəri sayına ciddi riayət etməli, kafe və restoranlar isə hələlik yalnız “al-apar” rejimində çalışmalıdırlar.

Mayın 16-dan etibarən taksi və fərdi avtomobillərin şəhərkənarı zonada, habelə Cişan və Fensien rayonlarında, Pudon adlanan ərazinin bəzi aşağı riskli zonalarında hərəkətinə icazə verilib.

Çen Ton bildirib ki, epidemik vəziyyət yaxşılaşdıqca, xidmət sektoru üzrə daha çox məkanın fəaliyyətini bərpa etməsinə və genişləndirməsinə icazə veriləcək. Bu istiqamətdə qarşıdakı həftələrdə şəhərlərarası qatarların sayının çoxaldılması və ölkədaxili təyyarə uçuşlarının bərpası da nəzərdə tutulub.

Çinin işgüzar mərkəzi olan Şanxayın hazırda fövqəladə mübarizə vəziyyətindən normallaşa dövrünə keçidin vacib mərhələsini yaşadığını bildirən merin digər müavini Con Min, şəhərdə iyunun sonunadək iqtisadiyyatın bərpası və həyatın normallaşması üçün hökumətin üçmərhələli epidemik profilaktika və nəzarət planı hazırladığını deyib.

Mayın 16-dan başlayan birhəftəlik ilkin mərhələdə yoluxma sayını, habelə qapalı və nəzarət olunan məhəllələrdə yaşayanların sayının azaldılması hədəflənib. Mayın 22-dən başlayacaq və ayın sonunadək davam edəcək ikinci mərhələdə fövqəladə mübarizə vəziyyətindən normallaşa dövrünə keçid olacaq. Bu mərhələdə şəhərdaxili avtobusların və metronun fəaliyyətinin bərpasına start veriləcək. İctimai nəqliyyatdan yalnız son 48 saatda verilmiş koronavirus testinin neqativ nəticəsi olanlar istifadə edə biləcək.

İyunun 1-dən başlayacaq 3-cü mərhələdə istehsalın və həyatın normallaşması prosesi start götürəcək. Orta məktəblərdə əyani dərslər 9-cu, 11-ci və 12-ci siniflər ilk olmaq şərti ilə mərhələli formada bərpa olunacaq.

Şanxayda qapalı zonalarda yaşayanların sayı 980 min nəfərə enib. Təxminən 25 milyon əhalisi olan şəhərin 16 rayonundan 15-i yaşayış məhəllələrində “Sıfır yoluxma”ya nail olub.

Qeyd edək ki, martın əvvəlindən sutkalıq yoluxmaların sürətlə çoxaldığı Şanxayda martın 24-dən sərt qapanma tətbiq olunur. Son günlər yoluxma sayında azalma müşahidə olunur. Ötən sutka şəhərdə 938 yoluxma aşkarlanıb ki, bu, “omikron” dalğasında 1000-dən aşağı ilk sutkalıq yoluxma göstəricisidir. Bundan başqa, yoluxmaların hamısı xüsusi karantin yerlərində aşkarlanıb. Başqa sözlə, yaşayış məhəllələrində yoluxma qeydə alınmayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.