Şanxayda koronavirusa görə növbəti dəfə kütləvi test prosesinə başlanılıb
AzerTAg.az

Pekin, 26 mart, AZƏRTAC
Çinin maliyyə mərkəzi hesab edilən və 25 milyon sakini olan Şanxay şəhərində COVID-19 virusuna yoluxma zəncirini müəyyən etmək üçün növbəti dəfə kütləvi test prosesinə başlanılıb.
AZƏRTAC Şanxay bələdiyyəsinin səhiyyə komitəsinə istinadla xəbər verir ki, budəfəki test prosesində həm PZR (polimerazlı zəncirvari reaksiya) testi ilə yanaşı, sürətli antigen testlərdən də istifadə olunur. Yüksək riskli zonalarda PZR testi, aşağı riskli zonalarda sürətli antigen testindən istifadə olunacaq. Bunun üçün əlavə tibbi heyət səfərbər olunub, səyyar test məntəqələri və laboratoriyalar quraşdırılıb. Bundan başqa, yüksək riskli zonalarda lokal qapanmalar da tətbiq olunur.
Marın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində, eləcə də Şanxayda virusa yoluxmalar davamlı çoxalır. Ötən sutka şəhərdə 38 təsdiqlənmiş və 2231 yerli asimptomatik (xəstəlik əlaməti olmayan) hal aşkarlanıb. Bu, pandemiyanın hazırkı dalğasında Şanxayda qeydə alınmış ən yüksək rəqəmdir. Sakinlərə ciddi səbəb olmadığı təqdirdə, evlərini tərk etməmək tövsiyə olunub. Xəstəxanalara, o cümlədən təcili tibbi yardım məntəqələrinə və uşaq xəstəxanalarına hazırlıq səviyyəsini yüksəltmək əmr olunub. Şanxayda 41 tibb ocağı COVID-19 pasiyentlərinə xidmətə görə digər xəstələrin qəbulunu dayandırıb. Sosial şəbəkələrdə Şanxayda astma xəstəsi olan bir nəfərin xəstəxananın onu müalicəyə qəbul etməməsi səbəbindən vəfat etməsi barədə məlumatlar yayılıb.
Simptomsuz xəstələrin təcrid olunması üçün Şanxayda 7 xüsusi yer hazırlanıb ki, onun ikisi stadiondur. Bundan başqa, “Şanxay 2010” sərgisinin keçirildiyi konvensiya mərkəzi martın 26-dan etibarən simptomsuz və yüngül COVID-19 pasiyentlərini qəbul etməyə başlayıb.
Qeyd edək ki, martın əvvəlindən Çində COVID-19 virusuna sutkalıq yoluxma dinamikası yüksək olaraq qalır. Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində 71 şəhər üzrə 1280 təsdiqlənmiş və 4320 asimptomatik yerli yoluxma aşkarlanıb. Yoluxanların 95 faizindən çoxunda xəstəlik əlamətləri ya yoxdur, ya da yüngüldür. Yoluxanların cəmi 0,1 faizi xəstəliyi ağır formada keçirir. Pandemiyanın hazırkı dalğası ilə əlaqədar Çinin bir neçə şəhərində tam və ya qismən qapanma tətbiq olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Xəbərin mətnində orfoqrafik səhv var