CƏMİYYƏT


Saray qəsəbəsində 16 evdən oğurluq edən şəxs yaxalanıb VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Abşeron rayonunun Saray qəsəbəsində yeni tikilməkdə olan evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinə müraciət edərək evdən təmir-tikinti əşyalarının, elektrik naqillərinin oğurlanması barədə məlumat verib. Eyni məzmunlu şikayətlərlə polis bölməsinə müraciət edən ona yaxın sakinin ərizəsi də qeydə alınıb. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Hadisələri törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Quliyev Saray polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda saxlanılıb. O, izahatında törətdiyi oğurluq hadisələrini etiraf edib. Nicat Quliyev evlərdən oğurladığı əşyaları paytaxtın Sabunçu rayonunda satdığını bildirib. Polis bölməsində araşdırma aparılan zaman onun Saray qəsəbəsində 16 evdən oğurluq etdiyi müəyyən olunub.

Faktlarla əlaqədar Saray polis bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxsin Abşeron rayonunda və ətraf ərazilərdə başqa cinayətlər törətməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.