CƏMİYYƏT


Saray qəsəbəsində qanunsuz ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar

Bakı, 31 iyul, AZƏRTAC

Xəbər verildiyi kimi, bu il pandemiya şəraiti nəzərə alınaraq, qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyib. Buna baxmayaraq, bəzi şəxslər bu tələbləri yerinə yetirməkdən boyun qaçırmağa çalışırlar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Saray qəsəbəsində yerləşən “Xocavənd” ət dükanında karantin qaydalarını pozaraq ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar. Tədbir zamanı Saray qəsəbə sakini Rafiq Quliyev və Bərdə rayon sakini Əbülfət Həşimov polisin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, qanunsuz ət kəsimi ilə məşğul olduqları üçün polis idarəsinə gətiriliblər.

Onlar saxlanılan zaman polis əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq, müqavimət göstərməyə də cəhd göstəriblər. Rafiq Quliyev və Əbülfət Həşimov barəsində tərtib olunan inzibati protokola hüquqi qiymət verilməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Qobu, Mehdiabad və digər qəsəbələrində də qanunsuz ət kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.