İQTİSADİYYAT
Saray qəsəbəsinin mərkəzi yollarından daha biri əsaslı şəkildə təmir edilib VİDEO
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və Abşeron rayonunun nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir. Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Saray qəsəbəsi ərazisindəki Heydər Əliyev prospekti əsaslı şəkildə təmir olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən prospekt Saray qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin istər paytaxt, istərsə də Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir. Ümumi uzunluğu 2,4 kilometr, eni isə 12 metr olan yolboyu texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirilib. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülərək yeni səki daşları ilə əvəz edilib, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.
Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə prospekt boyunca hər bir istiqamət üzrə yeni piyada səkiləri inşa olunub. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 29 min kvadratmetrədək sahəni əhatə edib.
Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.