SİYASƏT
Şarl Mişelin Azərbaycana səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
Ankara, 20 iyul, AZƏRTAC
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə keçirdikləri mətbuat konfransında səsləndirilən fikirlər geniş şəkildə türkdilli ictimaiyyətə çatdırılıb.
Anadolu agentliyi, “TRT Haber”, “Haber Global” telekanalları, “Türkiye”, “Star” qəzetləri və digər media quruluşları tərəfindən yayılan məlumatlarda Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf dinamikası və perspektivlər barədə mühüm məqamlara toxunulub.
Türkiyə mediası Prezident İlham Əliyevə istinadla diqqətə çatdırıb ki, Azərbaycan ticarətin demək olar ki, 40 faizini Avropa İttifaqı ilə aparır. Ötənilki ticarət dövriyyəsi təxminən 9,5 milyard ABŞ dolları olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edib. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.
Məlumatlar orijinal video və fotolarla təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara