SİYASƏT
Sasakava Sülh Fondunda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Tokio, 27 dekabr, AZƏRTAC
Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyinin Sasakava Sülh Fondunun direktor müavini, professor Akira Matsunaqa ilə görüşündə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Yaponiyada yaşayan azərbaycanlılar tərəfindən cari ilin martında diaspor təşkilatının təsis edildiyini diqqətə çatdıran mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər qeyd edib ki, yeni təşkilatın qarşısında duran əsas vəzifələrdən biri də Yaponiyada fəaliyyət göstərən beyin mərkəzləri ilə əlaqələrin qurulmasıdır. X.Kələntər bildirib ki, müasir tarixi vəziyyət, dünyada baş verən bir sıra mühüm geosiyasi proseslər Azərbaycan və yapon xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsini və davamlı inkişafını şərtləndirən əsas amillərdir. Xalqlarımız bu tarixi zərurəti layiqincə qiymətləndirərək, qarşılıqlı əlaqələrini inkişaf etdirir, siyasi, iqtisadi, sosial-mədəni və digər sahələrdə tərəfdaşlığı dərinləşdirməyə çalışırlar. Tokioda təsis edilən yeni diaspor təşkilatının da məqsədlərindən biri yerli qeyri-hökumət təşkilatları, fondlar və beyin mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycanın bu Gündoğar ölkədə daha geniş tanıdılmasıdır. Vurğulanıb ki, Azərbaycan barədə həqiqətlərin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə real məlumatların yapon ictimaiyyətinə çatdırılmasında birgə fəaliyyət mühüm rol oynayar.
Bildirilib ki, Yaponiya universitetlərində Azərbaycan dili bölməsinin yaradılması, qədim və zəngin ədəbiyyatımızı özündə əks etdirən ümumi kitabxananın təsis edilməsi, qarşılıqlı səmərə verə biləcək digər birgə ideyaların reallaşdırılması xalqlarımızı bir-birinə daha sıx yaxınlaşdırar.
Səslənən təşəbbüsləri yüksək qiymətləndirən professor Akira Matsunaqa bildirib ki, son illər Azərbaycan və Yaponiya arasında əməkdaşlıq əlaqələri xeyli intensivləşib. Vurğulanıb ki, Yaponiya müstəqilliyinin bərpasının 25 illiyini böyük uğurlarla qeyd edən Azərbaycanla əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirməkdə maraqlıdır. Yeni yaradılan diaspor təşkilatının irəli sürdüyü təklifləri yüksək qiymətləndirən A.Matsunaqa bu ideyaların həyata keçirilməsi üçün Sasakava Sülh Fondunun yardım göstərməyə hazır olduğunu bildirib.
Diaspor təşkilatının rəhbərlərinə yeni nəşr olunan “Türk dünyası” kitabının nüsxələrini hədiyyə edən A.Matsunaqa həmin kitabda Azərbaycana həsr olunan məqaləsi haqqında da məlumat verib.
Görüşdə qarşılıqlı əməkdaşlığın istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio