ELM VƏ TƏHSİL


Satıcı-kassir ixtisasına dair təlimlər üzrə qiymətləndirilmə keçirilib

Bakı, 18 iyun, AZƏRTAC

“Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” MMC ilə birlikdə mart ayından etibarən icra edilən satıcı–kassir ixtisası üzrə qısamüddətli ödənişsiz hazırlıq təlimləri başa çatıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimin yekunu olaraq bu gün İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 17 müdavimin test üsulu ilə qiymətləndirilməsi təşkil olunub.

Qiymətləndirmə prosesində “Bazarstore” MMC-nin və agentliyin rəsmi nümayəndələri iştirak ediblər. Müdavimlər 90 dəqiqə ərzində 60 sualı cavablandırıblar. İştirakçılara sertifikatlar təqdim olunacaq. Qiymətləndirmənin nəticələrinə görə ən yüksək bal toplayan müdavimlərə “Bazarstore” MMC adından əlavə olaraq mükafat təqdim ediləcək. Həmçinin təlimi uğurla başa vuran müdavimlər “Bazarstore” MMC-də işləmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, təlimin məqsədi peşə məktəblərində təhsil alan tələbələrin və işsiz şəxslərin praktiki formada təcrübələrinin təşkili, habelə peşə təhsilinin əhatə dairəsinin genişlənməsini təmin etməkdir. Təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bazarstore” MMC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.