İQTİSADİYYAT
“Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı təqdim olunub
Bakı, 8 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Noyabrın 8-də “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov portalın yaradılmasında əsas məqsədin ölkə ərazisində məhsul tədarükünün istehsalının stimullaşdırılması olduğunu bildirib.
Aparat rəhbəri diqqətə çatdırıb ki, aqrar sektorun inkişafı daim dövlətin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməkdir. “Cəmiyyətin yaradılması ölkədə ərzaq məhsullarının tədarükü və təchizatı prosesinin xeyli asanlaşdırılmasını və şəffaflığını təmin edəcək. Həmin proseslər daha keyfiyyətli və yaxşı təşkil olunmuş formada olacaq. Ən başlıcası isə, ərzaq məhsullarının istehsalçıları ilə istehlakçıları arasında yeni formatda qarşılıqlı əlaqələr yaranacaq”, - deyə İ.Bayramov vurğulayıb.
Tədbirdə, həmçinin məlumat verilib ki, satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir. İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi rübdə bir dəfədən az olmayaraq ərzaq məhsullarının hər bir növü üzrə topdansatış bazar qiymətlərini müəyyən etmək üçün araşdırmalar aparacaq. Məhsulların qiyməti sonradan dəyişdikdə qiymətlərə yenidən baxılacaq.