REGİONLAR
Satış-yarmarkada qiymətlər bazardakından xeyli ucuzdur
Balakən, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 17-də Balakən şəhərində təşkil edilən satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 35 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılıb. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin öz məhsullarını bazara çıxarmasına kömək etmək, bazarlarda süni qiymət artımının qarşısını almaq, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində, əhalinin gediş-gəlişinin sıx olduğu yerdə təşkil edilən yarmarkaya 3,5 ton alma, 400 kiloqrama yaxın mandarin, apelsin və yerli kivi, 40 kiloqram qoz və fındıq ləpəsi, 600 kiloqram soğan, 500 kiloqram kartof, 90 kiloqram pendir və şor, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb. Yarmarkada mal ətinin bir kiloqramı 8,5 manata, qoyun əti 9,5 manata, alma 45 qəpiyə, qoz ləpəsi 16 manata, fındıq ləpəsi 11 manata, kənd yumurtası isə 16 qəpiyə satılıb.
Alıcılar yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Satış-yarmarkanın hər həftənin şənbə və bazar günləri təşkil edilməsi nəzərdə tutulur.