SİYASƏT
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Tokio, 23 yanvar, AZƏRTAC.
Yaponiya Azərbaycan ilə münasibətlərin daha da inkişafında və əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Yaponiya Xarici İşlər nazirinin parlament üzrə müavini, Yaponiya parlamentinin müşavirlər palatasının üzvü Satoşi Nakanişi Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə ilə görüşü zamanı səsləndirib.
Görüşdə qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanın hazırkı vəziyyəti, ölkədə COVID-19 pandemiyasının qarşısının alınması tədbirləri haqqında ətraflı bəhs edib.
Səfir Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin inkişafı səviyyəsindən Azərbaycan tərəfinin məmnunluğu ifadə edib, iki ölkə arasında iqtisadi cəhətdən çoxsahəli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu həmsöhbətinin diqqətinə çatdırıb.
Nazir müavini verilən məlumatlara görə, təşəkkürünü bildirib, Yaponiyadakı vəziyyət, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının bu ilin yayında keçirilməsi ilə bağlı hazırlıq işləri haqqında məlumat verib. S.Nakanişi Yaponiyanın Azərbaycan ilə münasibətlərin daha da inkişafı və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, bu istiqamətdə lazımı dəstək göstərəcəyini bildirib.
G.İsmayılzadə qeyd edib ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması və tam atəşkəsin elan olunması ilə bağlı birgə bəyanat 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanıb. Bu bəyanata əsasən, Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın işğal olunmuş əraziləri 2020-ci il dekabrın 1-dək azad edilib və oradan qovularaq qaçqına çevrilmiş insanlar öz evlərinə qayıdacaqlar. G.İsmayılzadə qarşı tərəfin diqqətinə çatdırıb ki, erməni işğalçıları ərazilərimizi tərk edərkən, burada yerləşən evləri, məktəbləri, meşələri yandırıb, mədəni və dini abidələri məhv edib, qədim Alban kilsələrini talayıb, dini əşya və atributları Ermənistana daşıyıblar. Səfir vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz iradəsi və Milli Ordumuzun igidliyi sayəsində Vətən müharibəsində Azərbaycan böyük Qələbə qazanıb.
S.Nakanişi müharibə zamanı həlak olmuş mülki əhali və hərbiçilərin ailələrinə baş sağlığının çatdırılmasını xahiş edib, yaralanmış insanların tezliklə sağalmasını arzuladığını bildirib. Qeyd edib ki, Yaponiya atəşkəs barədə bəyanatın imzalanmasını alqışlayır və regionda stabilliyin bərqərar olmasını dəstəkləyir.
İkitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə nazir müavini 2022-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyini xatırladıb. Bununla əlaqədar müxtəlif tədbirlərin təşkil olunmasını, o cümlədən qarşılıqlı səfərlərin nəzərdən keçirilməsini təklif edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio