DÜNYA
“Saudi Aramco” 8 milyard dollar borclanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” səhmdarlarına dividend ödəmək üçün istiqraz buraxaraq 8 milyard dollar borc alıb.
AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük neft şirkəti olan “Aramco” 75 milyard dollarlıq dividendin maliyyələşdirilməsi üçün 8 milyard dollarlıq istiqraz buraxıb. Şirkətin istiqraz emissiyasına ümumilikdə 50 milyard dollarlıq tələb olub.
“Bloomberg”ə şirkət 3, 5, 10, 30 və 50 illik ödəmə müddəti olan 5 fərqli növ üzrə ümumilikdə 8 milyard dollarlıq istiqraz satıb. İlkin mərhələdə 7,5 milyard dollar olan emissiya tələbatın çoxalması ilə artıb.
İstiqraz emissiyasında lider banklar “Citigroup Inc.”, “Goldman Sachs Group Inc.”, “HSBC Holdings Plc”, “JPMorgan Chase & Co.”, “Morgan Stanley” və “NCB Capital” olub.
Qeyd edək ki, “Aramco” pandemiyadan sonra xərclərini kəskin şəkildə azaldıb, işçilərinin ixtisarlarını artırıb və bəzi aktivlərini satmağı düşünür. Neft nəhəngi “Saudi Aramco”nun mənfəəti üçüncü rübdə 45 faiz azalıb.
Nağd pulu qorumaq üçün edilən bütün səylərə baxmayaraq, şirkətin borclarının aktivlərə nisbəti 21,8 faizə yüksəlib. Mənbələrə görə, keçən il səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) sonra “Aramco” sabit gəlirli qiymətli kağız investorları ilə görüşməyə başlayıb. “Aramco”nun ötənilki istiqraz emissiyasının dəyəri 12 milyard dollara çatmış, tələbat 100 milyard dollardan çox olmuşdu.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.