DÜNYA


“Saudi Aramco” mənfəətini bölüşdürmək üçün borclanmaya gedir

Bakı, 16 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” səhmdarlarına dividend ödəmək üçün istiqraz buraxaraq borclanmaya getməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük neft istehsalçısı olan “Aramco” 75 milyard dollarlıq dividend ödəmək üçün 2019-cu ilin aprelindən sonra indiyədək ilk dəfə istiqraz bazarına qayıtmağa hazırlaşır.

“Goldman Sachs” da daxil olmaqla banklarla istiqraz buraxmaqla bağlı razılığa gələn şirkət neft qiymətlərinin düşməsindən sonra dividend paylamaq üçün borclanmaya gedir.

“Aramco” pandemiyadan sonra xərclərini kəskin şəkildə azaldıb, işçilərinin ixtisarlarını artırıb və bəzi aktivlərini satmağı düşünür. Nağd pulu qorumaq üçün edilən bütün səylərə baxmayaraq, şirkətin borclarının aktivlərə nisbəti 21,8 faizə yüksəlib.

Mənbələrə görə, keçən il səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) sonra “Aramco” sabit gəlirli qiymətli kağız investorları ilə görüşməyə başlayacaq. “Aramco”nun ötən il istiqraz emissiyasının dəyəri 12 milyard dollara çatmışdı.

Qeyd edək ki, neft nəhəngi “Saudi Aramco”nun mənfəəti üçüncü rübdə 45 faiz azalıb.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.