DÜNYA
“Saudi Aramco”nun səhmlərinin qiyməti ilk ticarət günündə 10 faiz artıb
Bakı, 11 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) sonra şirkətin səhmlərinin qiyməti ilk ticarət günündə 10 faiz artıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Aramco” qlobal miqyasda 5 ən nəhəng neft şirkəti (“ExxonMobile”, “Total”, “Royal Dutch Shell”, “Chevron” və BP) ilə müqayisədə ən böyük bazar dəyərinə çatıb.
Qeyd edək ki, “Saudi Aramco” IPO-dan 25 milyard dollar gəlir əldə etməklə bazar dəyərini 1,7 trilyon dollara yüksəldib. Beləliklə də “Aramco” bazar dəyəri 1,1 trilyon dollar olmaqla dünyanın ən dəyərli şirkəti olan “Apple” korporasiyasını geridə qoyub.
“Saudi Aramco”nun məlumatına görə, şirkətin 3 milyardlıq səhminin 1,5 faizi satılıb. İnvestorlar bir səhm üçün ən yüksək məbləğ müəyyənləşdirilən 32 Səudiyyə rialı (8,53 dollar) təklif verib. Bununla da şirkət səhm satışından 25,59 milyard dollar gəlir əldə edib.
IPO çərçivəsində institusional investorlar 106 milyard dollarlıq və fərdi investorlar isə 119 milyard dollarlıq təklif verib.
Beləliklə də “Aramco”nun IPO-dan əldə etdiyi gəlirlə 2014-cü ildə Çinin e-ticarət nəhəngi “Alibaba”nın Nyu-York birjasındakı IPO-dan qazandığı 21,8 milyard dollar gəlirini üstələyərək IPO-dan ən böyük gəlir əldə edən şirkət olub.
Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman bin Abduləziz Al Saud IPO tam yekunlaşdıqdan sonra şirkətin bazar dəyərinin 2 trilyon dolları keçəcəyinə əmin olduğunu bildirib.
“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılıb. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.